İnsanın təkamülü
İnsanın təkamülü — İnsanın əmələ gəlməsi haqqında təzadlı fikirlər mövcuddur.
İnsanın heyvan mənşəli olması haqqında da çoxlu faktlar vardır. İnsanın heyvan mənşəli olmasına dair ilk fikirlər XVII əsrdə meydana çıxmağa başlamışdır. İlk dəfə Karl Linney insanı primatlar dəstəsində yerləşdirmişdir. Jan Batist Lamark insan əcdadının ağacdan yerə düşüb sürü halında yaşayan meymunabənzər heyvanlar olduğunu söyləmişdi. “İnsanın mənşəyi və cinsi seçmə” əsərində (1871) Ç.Darvin insanı təkamül zəncirinin son halqası hesab etmiş və müxtəlif dəlillərlə bunu sübut etməyə çalışmışdır. Onun fikirlərini Fridrix Engels “Meymunun insana çevrilməsində əməyin rolu” əsərində (1896) sübut etmişdir. İnsanın təkamülündə ictimai amillərin həlledici rol oynadığı sonralar öz təsdiqini tapmağa başlamışdır. İnsan məməlilər sinfinə daxil olaraq diafraqmaya, süd vəzilərinə, qulaq seyvanına, ixtisaslaşmış və xüsusi yuvalarda yerləşən dişlərə, plasentaya, üç cüt eşitmə sümüyünə, yeddi boyun fəqərəsinə malikdir. Hisləri ifadə edən mimiki əzələlər yalnız insanabənzər meymunlar və insana məxsusdur.